Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşməsi
Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrin maliyyələşdirilməsi “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun olaraq müsabiqələrin təşkili yolu ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektlərinə) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1 (bir) layihə təqdim etmək hüququna malikdir. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.
Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın www.smb.gov.az rəsmi internet saytında yerləşdiriləcək, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılacaq.
Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib və nağdsız qaydada ödənilir.
Layihələrin müsabiqə yolu ilə seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri e-KOB portalı üzərindən müraciət edə bilərlər.