Qaydalar və şərtlər
Son yenilənmə tarixi: 25.10.2025
1. Ümumi müddəalar
1.1. “
e-KOB evi” (bundan sonra –
Portal) Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra –
Agentlik) tərəfindən idarə olunan dövlət elektron informasiya sistemi olub,
https://e-kob.gov.az domenində fəaliyyət göstərir.
1.2. Agentlik və onun fəaliyyəti barədə daha ətraflı məlumat və əlaqə vasitələri üçün:
https://www.smb.gov.az ünvanına müraciət edilə bilər.
1.3. Portal öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 avqust tarixli, 1415 nömrəli Fərmanı ilə təsdiq edilmiş “e-KOB evi portalı haqqında Əsasnamə” əsasında həyata keçirir.
1.4. Portalın məqsədi və əsas funksiyaları Əsasnamənin II bölməsi ilə müəyyən olunur və sahibkarlıq subyektlərinə göstərilən elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilini təmin etməyə yönəlib.
1.5. Bu İstifadə Qaydaları portalın bütün istifadəçilərinə (fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları) şamil olunur və portal vasitəsilə göstərilən bütün xidmətlərin istifadəsini tənzimləyir.
1.6. Portaldan istifadə etməklə Siz bu Qaydaların və “Məxfilik Siyasəti” sənədinin şərtləri ilə razı olduğunuzu təsdiq edirsiniz.
2. İstifadəçilər və qeydiyyat qaydası
2.1. Portalda qeydiyyatdan keçərrək funksionallıqdan yararlana bilən istifadəçilər aşağıdakılardır:
· Fizki şəxslər
· Fərdi sahibkarlar;
· Hüquqi şəxslər;
· Dövlət qurumları.
2.2. Portala giriş Vahid Giriş Sistemi (elektron imza, ASAN Login, myGov ID və digər eID vasitələri) üzərindən həyata keçirilir.
2.3. Qeydiyyat və identifikasiya zamanı istifadəçilərin məlumatları Əsasnamənin 3.3.5-ci yarımbəndinə əsasən Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə edilir.
2.4. Qeydiyyatdan sonra istifadəçi üçün fərdi “Sahibkarın Elektron Kabineti” formalaşdırılır.
2.5. Qeydiyyat prosesini tamamlamaqla istifadəçi portalda yerləşdirilmiş “Məxfilik Siyasəti”nin şərtləri ilə tanış olduğunu və onları qəbul etdiyini təsdiq etmiş sayılır.
3. Portalda təqdim olunan xidmətlər
3.1. “e-KOB evi” portalında sahibkarın elektron kabineti vasitəsilə aşağıdakı xidmətlər təqdim olunur:
· “G2B” xidmətlərinin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsi;
· Dövlət orqanlarına və elektron xidmət təklif edən biznes subyektlərinə müraciətlərin və sorğuların göndərilməsi və cavabların izlənməsi;
· Biznes Naviqator alt sistemi – sahibkarlıq fəaliyyətinə dair məlumatların, təchizat zəncirlərinin və sənəd dövriyyəsinin idarə edilməsi, toplanması, təhlili və təqdim edilməsi;
· Vahid KOB Reyestri – mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər və dəstək tədbirləri haqqında məlumatların təqdim edilməsi;
· Sahibkarlar üçün məlumat baxışı, müraciət göndərilməsi, sənəd yükləmə və arxivə baxış funksiyaları.
3.2. Xidmətlərin göstərilməsi üçün portal digər dövlət qurumları və informasiya sistemləri ilə, həmçinin elektron xidmət təqdim edən biznes subyektləri ilə inteqrasiya olunmuşdur.
3.3. İnteqrasiyası tamamlanmamış xidmətlər müvafiq qurumun elektron portalına keçid vasitəsilə əlçatan edilir.
4. İstifadə qaydaları və məsuliyyət
4.1. Portalda aşağıdakı hərəkətlər qadağandır:
· Yanlış, natamam və ya saxta məlumatların təqdim edilməsi;
· Portalın və ya onun informasiya sistemlərinin fəaliyyətinə icazəsiz müdaxilə;
· Zərərli proqram təminatının yerləşdirilməsi və ya təhlükəsizlik sistemlərinin pozulması;
· Digər istifadəçilərin məlumatlarının icazəsiz toplanması, paylaşılması və istifadəsi.
4.2. İstifadəçi təqdim etdiyi məlumatların dəqiqliyinə və aktuallığına görə tam məsuliyyət daşıyır.
4.3. Portal operatoru (Agentlik) bu Qaydaların pozulması, sistemə zərər vurulması və ya qanunsuz fəaliyyət hallarında istifadəçinin hesabını məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilər.
4.4. Agentlik yalnız müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi üzrə texniki əməliyyatları həyata keçirir və müraciətlərin məzmunu, baxılma müddəti və nəticələri üzrə məsuliyyət daşımır.
5. Hüquqi qeyd və məsuliyyətin məhdudlaşdırılması
5.1. Portalda yerləşdirilən məlumatlar əsasən məlumat xarakteri daşıyır və hüquqi öhdəlik yaratmır.
5.2. Portalda texniki nasazlıq, məlumat itkisi və ya üçüncü tərəflərin səhv fəaliyyəti nəticəsində yaranan birbaşa və ya dolayı zərərlərə görə Agentlik məsuliyyət daşımır.
5.3. Portal vasitəsilə keçid edilən üçüncü tərəf veb-saytlarının məzmununa görə məsuliyyət həmin resursların sahibinə aiddir.
6. Müəlliflik və intellektual mülkiyyət hüquqları
6.1. Portalın dizaynı, mətnləri, məlumat bazaları, proqram təminatı, loqosu və interfeys elementləri Agentliyə məxsusdur və müəlliflik hüququ ilə qorunur.
6.2. İstifadəçilər portalda yerləşdirilən açıq məlumatlardan yalnız istinad göstərilməklə və kommersiya məqsədi güdmədən istifadə edə bilərlər.
6.3. “e-KOB evi” adı, loqosu və vizual kimliyi Agentliyin rəsmi brendidir və qanunla qorunan ticarət nişanı sayılır.
7. Xidmətlərin dəyişdirilməsi və dayandırılması
7.1. Agentlik portalda təqdim olunan xidmətləri istənilən vaxt dəyişdirmək, genişləndirmək və ya dayandırmaq hüququna malikdir.
7.2. Dəyişikliklər barədə istifadəçilərə portal bildirişləri, e-poçt və ya digər elektron vasitələrlə məlumat verilir.
7.3. İstifadəçinin hesabı silindikdə və ya dayandırıldıqda onun məlumatları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun qaydada saxlanılır və ya məhv edilir.
8. Hüquqi əsas və mübahisələrin həlli
8.1. “e-KOB evi” portalının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Fərdi məlumatlar haqqında”, “Məlumat, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Elektron hökumət haqqında” qanunları, habelə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”, “İnformasiya təhlükəsizliyi üzrə minimum tələblər” və “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi haqqında Əsasnamə” ilə tənzimlənir.
8.2. Portalda yaranan hüquqi münasibətlərdə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
8.3. İstifadəçi ilə Agentlik arasında yaranan mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur.
9. Əlavə müddəalar
9.1. Portalda “Kuki Siyasəti”ni də özündə əks etdirən ayrıca “Məxfilik Siyasəti” səhifəsi mövcuddur.
9.2. Bu Qaydalar həmçinin “e-KOB evi” mobil tətbiqinə də şamil olunur.
9.3. Qaydalar yeni redaksiyada dərc olunduğu andan etibarən qüvvəyə minir və əvvəlki versiyaları etibarsız sayılır.