Startapçı Mehriban Məlikova: "Məhsulumuz “Amazon”da seçdiyimiz hədəf bazarı üzrə yayımlanır"

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ( KOBİA) sahibkarlara gəlir gətirən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınmasını tövsiyə edir. Bu sənəd 3 il müddətinə böyük həcmdə güzəşti əhatə etdiyindən sahibkarlar bundan daha səmərəli faydalana və həmin müddət ərzində müvafiq layihədən əldə etdikləri gəlirləri layihənin inkişafına və beynəlxalq arenada tanınmasına yönəldə bilərlər. Lakin “Startap” şəhadətnaməsinin yaratdığı imkanları sahibkarlıq subyektinin innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilməsi ilə məhdudlaşdırmaq olmaz. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, onların xarici bazarlara çıxışını asanlaşdırır.


Azərbaycanda öz məhsulunu dünyanın ən böyük onlayn satış bazarına – “Amazon”a çıxaran startapçılardan biri “MIE Azerbaijan” MMC-nin təsisçisi və direktoru Mehriban Məlikovadır.


Əvvəl fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Məlikova sonradan sahibkarlıq fəaliyyətini təhsil sahəsinə yönəldib: “Pandemiya dövründə bizim üçün bir fürsət yarandı. Biz təhsilverənlərə onlayn texnologiyalardan istifadəni öyrətdik, amma, fəaliyyətimizə tələbat artdıqca könüllü işimizi ödənişli işə keçirdik. Vergi qanunvericliyinə uyğun fəaliyyət göstərmək üçün reyestrdən keçib “MIE Azerbaijan” MMC adı ilə şirkətimizi yaratdıq. Daha sonra startap layihələri ilə tanış olduq. KOBİA-nın “startap layihəsi ala bilərsiniz” elanını gördükdən sonra təqdimat hazırlayaraq startap şəhadətnaməsi üçün müraciət etdikvə şəhadətnaməni əldə etdik”.


M.Məlikova qeyd edib ki, yeni texnologiyalardan istifadə etməklə beynəlxalq və yerli təlimlər, konfranslar, müsabiqələr təşkil edir, müxtəlif istiqamətlər üzrə layihələrin yazılışına və həyata keçirilməsinə dəstək verir, “Amazon”da rəqəmsal məhsul olan kitabların satışını həyata keçirir, dünya bazarına azərbaycanlı müəlliflərin kitablarının çıxarılması xidmətlərini göstərirlər. Xidmətləri təkcə Azərbaycan vətəndaşları üçün deyil, istənilən ölkədən olan şəxslərə də açıqdır: “10 il əvvəl “Amazon”dan məhsul sifariş edən insanlardan biri olmuşam. Amma sonra fikirləşdim ki, bu platformada məhsul sata bilərəmmi? Ötən illər ərzində bununla bağlı tədqiqatlar aparmışam. Aydın oldu ki, qida məhsullarımızı o bazara çıxarmaq çətin olsa da, rəqəmsal məhsulumuzu sata bilərik. Bunun üçün onların qoyduğu standartlar var - məzmunda nasizm, terrorizmə çağırış, plagiatlıq olmasın, ölçülər müəyyən edilmiş hədd daxilində olsun və s. Bu bazara məhsul çıxarmaq üçün nə logistika lazımdır, nə xüsusi qida sertifikatları tələb olunur. “Qaydaları oxu və işlə, pulunu qazan!” yanaşması ilə işləyirik”.


Startapçının sözlərinə görə, artıq 1 ildən çoxdur ki, “Amazon”da məhsullarını satırlar. “Beynəlxalq kitab layihəsi” çərçivəsində “Amazon”da rəqəmsal kitab nümunələri təqdim edirlər: “Süni intellektin köməyi ilə rəqəmsal məzmun yaradılır. Daha sonra ona mütəxəssislər tərəfindən təbii intellekt baxışları olur və dünya kitab standartlarına uyğunlaşmış forma olduqdan sonra bizim məhsulumuz “Amazon”da seçdiyimiz hədəf bazarı üzrə yayımlanır. Satışlarımızı artıra bilsək, dünya bazarından ölkə büdcəsinə və biznesimizə faydamız daha çox ola bilər”.


Sahibkar deyib ki, “Amazon”da məhsullara marağın itməməsi üçün davamlı olaraq, marketinq cəhdləri olmalıdır. Marketinq cəhdləri olmasa, hansı məhsulu yerləşdirməyindən asılı olmayaraq, o, “bestseller” ola bilməyəcək. Amma müəyyən marketinq cəhdlərindən sonra satış artar.

Sonuncu dəfə Avstriyadan sifariş aldıqlarını nəzərə çatdıran startapçı əlavə edib ki, artıq “Amazon”dakı məhsullarının sayı artıb və onlar bir kitabxana halına gəlib.


“Artıq “Amazon”da bir Azərbaycan kitabxanası” var deyən M.Məlikova bildirib ki, indiyədək bu bazarda 100-dək kitabın satışını təşkil ediblər. "Daxili Yaradıcılığınızı Açmaq: Təsəvvür Gücünüzü Açmaq", "Xoşbəxtlik Elmi: Dolu Həyatın Açarını Kəşf Etmək", "Vaxtın idarə edilməsinə yiyələnmək: Məhsuldarlıq və Uğur üçün Strategiyalar", "Ağıllı Sahibkar: Məqsəd və Varlıq ilə Uğur Yetişdirmək", "Dəyişiklikdə naviqasiya: Qeyri-müəyyənliyi qəbul etmək və keçid dövründə inkişaf etmək", "Pozitiv düşüncənin gücü: Uğur üçün düşüncə tərzinizi dəyişdirmək", "Potensialınızı açmaq: Şəxsi inkişaf və nailiyyət strategiyaları", "Effektiv Ünsiyyət Sənəti: Rəqəmsal Əsrdə Güclü Əlaqələrin qurulması", Balansın tapılması: gərgin dünyada rifahınızı inkişaf etdirmək" və s. adlanan bu kitabların əksəriyyətinin müəllifi azərbaycanlılardır. Oxucular öz seçimlərinə uyğun olaraq, bu kitabları elektron, yaxud nəşr formasında sifariş verə bilirlər.


Layihənin inkişaf etdirilməsi üçün KOBİA tərəfindən keçirilən qrant müsabiqəsində də iştirak etdiklərini deyən M.Məlikova artıq layihələrinin gəlir gətirdiyini açıqlayıb: “Bu layihəyə heç bir investisiya yatırmamışıq. Layihəyə sıfır vəsaitlə başlamışdım. Sadəcə kompüterim, internetim və yeni bilik öyrətmək üçün böyük iradəm var idi. Gəlirin əldə edilməsini yalnız beyin gücü ilə təmin edə bilmişik”.


M.Məlikova startap şəhadətnaməsinin verdiyi imkanlardan yararlandığını da söyləyib: “Fəaliyyətə yeni başlayanda bizim böyük sifarişlərimiz, layihələrimiz yox idi. Əgər həmin vaxt vergi verməli olsaydıq, inkişaf edə bilməzdik. Amma startap şəhadətnaməsinin bizə verdiyi üstünlüyün-vergilərdən azad edilmənin hesabına biz böyüyə, gəlirlərimizi artıra bildik”.


https://vergiler.az/news/economy/26345.html

Powered by Froala Editor

16.10.2023, 10:42 125
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo