“Gəncəsənət - Payız çalarları” adlı sərgi-yarmarkanın məqsədi sənətkarlıq nümunələrinin inkişafını təşviq etmək, alıcı və sənətkarlar arasında əlaqə yaratmaq və yaradıcı şəxsləri sahibkarlıq fəaliyyətinə təşviq etməkdir.
Noyabrın 5-də Gəncə şəhərində “Gəncəsənət - Payız çalarları” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçiriləcək. Məqsəd Gəncə şəhəri və ətraf bölgələrdə müxtəlif növ sənətkarlıq nümunələrinin inkişafını təşviq etmək, alıcı və sənətkarlar arasında birbaşa əlaqə yaratmaqdır.
Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Regional Turizm İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə keçiriləcək.
Gəncə şəhərindəki Qalereya və Urban Mərkəzində (Gəncə Dövlət Filarmoniyasının yaxınlığında) təşkil olunacaq sərgi-yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq. Yarmarka həmçinin, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması məqsədi daşıyır.
Powered by Froala Editor