2020-ci il mayın 28-i - Müstəqillik Günündə Prezident İlham Əliyev "Qobu Park-3" yaşayış kompleksində məcburi köçkünlərə mənzillərinin açarlarını təqdim etmiş, eyni zamanda ilk dəfə olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə yaradılan istehsal müəssisələrinin açılışını edərək xeyli sayda insana daimi iş yeri sevinci yaşatmışdı.
"O gün bütün keçmiş məcburi köçkünlər kimi mənim də sevincimin hədd-hüdudu yox idi. Həm rahat, geniş, hər cür şəraiti olan mənzilə, həm də elə bu kompleksin içərisində çörək qazanacağım daimi iş yerinə sahib olmuşdum. Amma o zaman heç xəyalıma belə gətirməmişdim ki, cəmi 5 aydan sonra cənab Prezident İlham Əliyev məcburi köçkünlərə həyatımızın ən böyük xoşbəxtliyini yaşadacaq, 30 illik yurd həsrətimizə birdəfəlik son qoyacaq... Hər zaman bizə göstərdiyi diqqətə və qayğıya, illərdir arzusunda olduğumuz Zəfərə görə dövlət başçımız İlham Əliyevə nə qədər minnətdarlıq etsək də azdır..."
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Qobu Park-3" yaşayış kompleksində fəaliyyətə başlayan "Gill Med" Qapalı Səhmdar Cəmiyyətində həmsöhbət olduğumuz Sücaət Hətəmova səsləndirir bu fikirləri...
Cəbrayılın Arazmaşanlı kəndindən olan 61 yaşlı Sücaət xanım sözügedən müəssisə açılanda burada dərzi kimi fəaliyyətə başlayıb, daha sonra isə baş usta olub. O bildirir ki, yaşadığı ərazidə peşəsi üzrə işdə çalışması onun üçün böyük şans olub: "Amma tezliklə Cəbrayıla dönəcəyim günü də səbirsizliklə gözləyirəm. Burada olduğu kimi, dövlətimiz dədə-baba yurdlarımızda da yeni yaşama başlamağımız üçün hər cür şərait qurub-yaradır..."
Biznesin sosial yönümü
Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması istiqamətində mühüm işlər həyata keçirilib. 2020-ci ilin sentyabrına qədər isə ölkəmizdə əlamətdar günlərdə, bayramlarda dövlət başçısının iştirakı ilə bu vətəndaşlarımız üçün sosial, ictimai əhəmiyyət kəsb edən obyektlərin istifadəyə verilməsi də xoş ənənəyə çevrilmişdi. Hazırda isə Qarabağı və Şərqi Zəngəzurda yaşayış məntəqələri salınır, yeni infrastruktur qurulur, qayıdışı həyata keçirilən keçmiş məcburi köçkünlərin işlə təmin olunmaları üçün lazımi imkanlar yaradılır.
2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi "Gill Med" QSC də KOBİA-nın və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı və dəstəyi çərçivəsində məcburi köçkünlərin məşğulluğunun biznes layihələr vasitəsilə təmin olunması məqsədilə fəaliyyətə başlayıb. Layihə yalnız sosial əhəmiyyəti ilə seçilmir, eyni zamanda biznesyönümlüdür. Belə ki, bu müəssisədə istehsal olunan məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz etmək potensialına malikdir. Müəssisənin ən müasir avadanlıqlarla təchiz edilməsi yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsal olunmasını təmin edir. Üç il əvvəl tibbi tekstil, steril cərrahi setlər və uniformaların istehsalı məqsədilə işə başlayan müəssisə bu gün bazarda 80-dən çox məhsul çeşidi ilə tanınır.
"Gill Med" bizneslə yanaşı, sosialyönümlü layihə olduğundan burada çalışan işçi heyətin 95 faizi "Qobu Park-3"ün sakinlərindən formalaşdırılıb və onların əksəriyyəti qadınlardır. Hazırda müəssisədə 100-dən çox işçi çalışır.
Xüsusi vurğulanası məqamdır ki, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın dəstəyi ilə ilk istehsal müəssisəsi olan "Gill Med" tikiş fabriki fəaliyyətə başlayıb. Həmin ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində "Gill Med" tikiş fabrikinin istehsal prosesi ilə tanış olub. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış bu tikiş fabrikində hazırda 30 nəfər işçi heyəti çalışaraq tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska, baxil və uniforma istehsal edirlər.
"Gill Med"in bir başqa qürurlu ünvanı isə Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Altı ay əvvəl burada açılan yeni tibbi ləvazimatların istehsalı müəssisəsində 12 nəfər çalışır.
Hədəf ixracdır
"Fəaliyyətə başladığımız üç ildən çox müddətdə demək olar ki, biznes hədəflərimizi və planlarımızı 4-5 dəfə üstələmişik. Bu da sözsüz ki, dövlət dəstəyi ilə investisiya qoyuluşu, sərmayənin təqibi, satış bazarına çıxış və digər vacib məsələlərin üst-üstə düşməsi ilə birbaşa bağlıdır", - deyən müəssisənin rəhbəri Rüstəm Məmmədov söyləyir ki, onlar üç istiqamətdə fəaliyyət göstərirlər: tibbi steril geyimlər, qeyri-tibbi steril geyimlər istehsal edirlər və naxış xidməti həyata keçirirlər.
O bildirir ki, Ağalıda, Cocuq Mərcanlıdakı müəssisələrdə böyük həvəslə çalışan əməkdaşlar mühüm irəliləyişlər əldə ediblər: "Məsələn, biz maskanın istehsalı üçün Türkiyədən mütəxəssislər gətirirdik. Amma bu işdə heç bir təcrübəyə malik olmayan ağalılı evdar qadınlar qısa zamanda bu işi öyrənərək maska aparatını özləri işlətməyə başladılar".
Müəssisənin 2024-cü ildə ən böyük hədəfi xaricə məhsul ixracıdır və artıq bu istiqamətdə iş aparılır, Türkiyəyə baxil ixracının həyata keçirilməsi üçün çalışırlar.
Burada "Dərzi və kəsim", "Sterilizə setlərin istehsalı", "Baxil istehsalı", "Qablaşdırma" və sair kimi bölmələr var.
"Dərzi" bölməsində göy uniformalı, ağ başlıqlı xanımlar müasir tikiş cihazlarının arxasında əyləşərək həvəslə ağ, yaşıl, göy rəngli tibbi dəstlər tikirdilər. Baş usta ilə söhbətimiz zamanı o işçilərini tərifləyərək söylədi ki, burada çalışan xanımların hər biri işini yaxşı bilən ustadır və tapşırıqları bir göz qırpımında yerinə yetirirlər.
"İş yerim evimizə yaxın olduğu üçün çox əlverişlidir"
Müəssisədə kəsim işini həyata keçirən Füzuli rayonunun Horadiz qəsəbəsindən olan 27 yaşlı Nicat Əhmədov deyir ki, tekstildə ən böyük məsuliyyət kəsimdədir. Parçada hansı ölçü verilirsə, ona uyğun cizim aparıb parçanı kəsmək lazımdır. Azacıq yanlışlıq bütün işləri korlaya bilər: "Ona görə də çalışıram işimin öhdəsindən məsuliyyətlə və layiqincə gəlim".
"Sterilizə setlərin istehsalı bölməsi"nə isə kənar adamların girişi qadağandır. Burada çalışan xanımların hamısı xüsusi geyimdə, başıörtülü vəziyyətdə çalışırlar. Bu bölmə gündə bir neçə dəfə təmizlənir ki, adi bir sap belə istehsal olunan mallara qarışmasın. Bu bölmədə əməliyyat üçün, məsələn, "ümumcərrahi", "göz" və sair əməliyyatlar üçün setlər yığılır. Daha sonra isə həmin mallar qablaşdırılaraq "steril otağa" göndərilir. Sözügedən otaqda mallar sterilizə olunur. Sonra paketlərə yığılır və bir sutka keçəndən sonra istifadə üçün müəssisələrə göndərilir.
Steril şöbənin rəhbəri Ağdam rayonunun Qaradağlı kəndindən olan 34 yaşlı Fatimə Lələşova bir ildən artıqdır burada çalışır. O xüsusi vurğulayır ki, bu müəssisənin evlərinə yaxın olması çox əlverişlidir: "İşim həm çox məsuliyyətli, həm də maraqlıdır. Bütün gücümlə çalışıram ki, öhdəsindən gələm".
Cəbrayıl rayonu Şahvəli kəndindən olan 43 yaşlı Lamiyə Kərimova isə 3 ildir ki, bu müəssisədə çalışır. Xüsusi maşınla mallara naxış, loqo vurur. O da işini həvəslə gördüyünü qeyd edir.
Bu müəssisə həm də baxil, müayinə masa örtüsü və polietilen istehsalı ilə də məşğuldur. İstehsal yerində 10 nəfərə yaxın keçmiş məcburi köçkün işlə təmin olunub.
"Prezident İlham Əliyev bizə dünyaları bəxş edib"
Biz "Gill Med"in "Xarıbülbül" xalçaçılıq müəssisəsinə baş çəkəndə isə sıra-sıra düzülmüş dəzgahların arxasında əyləşmiş xanımlar həvəslə toxuduqları xalçalara növbəti rəngli ilmələrini vururdular. Öyrəndik ki, xalçaçılar hazırda Şirvan bölgəsinə məxsus göllərdən ibarət "Zeyvə" xalçası toxuyurlar və iki aya bitirəcəklər. Nəzarətçi xalçaçı texnoloq Cahan Qədirova məlumat verdi ki, xalçaçılıq müəssisəsi fəaliyyətə Qarabağ xalçaları - "Malıbəyli", "Qasımuşağı", "Çələbi", "Nəlbəki" kimi xalçaları toxumaqla başlayıb.
Həmsöhbətimiz Ağdam rayonundan olan Sevil Qəmbərova dedi ki, 40 ildən çox xalçaçılıq stajı var. Vaxtilə Ağdamda xalça fabrikində əvvəl toxucu, sonra briqadir olub, Bakıda da bir neçə xalçaçılıq sexində işləyib. "Qobu Park-3"ə köçdükdən sonra isə "Xarıbülbül"də çalışmağa başlayıb.
Bu da Allahın bir möcüzəsi idi ki, Sevil xanım 2020-ci ilin noyabrında xalça üzərində Ağdam Cümə məscidini toxuduğu zaman doğma rayonunun işğaldan azad olunması xəbərini eşidir. Və o an yaşlı qadının yaşadığı xoşbəxtlik hissindən sevinc göz yaşları toxuduğu ilmələrə qarışaraq Ağdam Cümə məscidinin xalça üzərindəki təsvirinin üzərinə yağış kimi yağmağa başlayır...
"Biz keçmiş məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Dövlətimiz bizə ev də verib, işlə də təmin edib. Amma Qalib Prezidentimiz İlham Əliyev torpaqlarımızı azad etməklə bizə dünyaları bəxş edib. Bu gün dədə-baba yurdlarımıza qayıdırıq. Mən də səbirsizliklə Ağdama gedəcəyim günü gözləyirəm".
Qarabağ və Şərqi Zəngəzurda görüşənədək...
Xocalının Meşəli kəndindən olan 48 yaşlı toxucu Xoşbəxt Kazımovanın nənəsi və qayınatası kəndləri işğal olunan zaman şəhid olub. Çox məşəqqətli günlərdən keçdiklərini söyləyən Xoşbəxt xanım, bu müəssisədə çalışmasının maddi baxımdan ailələrinə xeyli kömək olduğunu bildirir: "Yarandığı gündən burada işə başladım, xalça toxumağı da "Xarıbülbül"də öyrəndim. Sağ olsun dövlət başçımız İlham Əliyev ki, bu yaşayış kompleksində bizə həm də işləmək üçün imkan yaradıb. Biz işləyərək ailəmizin, uşaqlarımızın dolanışığını təmin edə bilirik".
Xoşbəxt xanım danışır ki, Xocalının azad olunma xəbərini eşidəndə indi sözlərlə təsvir edə bilməyəcəyi hisslər yaşayıb: "Həm ağlayır, həm sevinirdim. Bütün uşaqlığım, gəncliyim orada keçib. Ən sevincli, ən kədərli günlərim də ora ilə bağlıdır. Amma qara günlər arxada qalıb. İndi Xocalının işıqlı zamanları yetişib. Ən böyük arzum odur ki, vaxtilə bizim yaşadığımız faciələri, zülmləri bir daha körpələrimiz, uşaqlarımız, gənclərimiz yaşamasın..."
"Qobu Park-3" yaşayış kompleksində fəaliyyətə başlayan sosisalyönümlü biznes layihəsi olan "Gill Med" müəssisəsində qısamüddətlik də olsa iş prosesi ilə yaxından tanış olduq. Tibbi tikiş istehsalı ilə məşğul olan, xalça toxuyan xeyli sayda keçmiş məcburi köçkünlə peşələri barədə söhbət etdik, ötən günləri ilə bağlı xatirələrinə maraqla qulaq asdıq, ən ümdəsi isə onların yurdlarına dönəcəklərinin sevinclərini bölüşdük...
Və peşəkar, gülərüz, xoşsöhbət "Gill Med" ailəsinin üzvləri ilə tezliklə Qarabağ və Şərqi Zəngəzurda görüşmək diləyi ilə sağollaşıb ayrıldıq...
Powered by Froala Editor