Bugünədək dövlət dəstəyi hesabına sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 51 daxili bazar araşdırması aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə hazırda 7 sahə üzrə daxili bazar araşdırmaları aparılır. Bazar araşdırmaları soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatları istiqamətlərini əhatə edir.
Müvafiq istiqamətlər Agentlik tərəfindən sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilib.
Bazar araşdırmaları hazır olduqda sahibkarların ümumi istifadəsi üçün KOBİA-nın www.smb.gov.az saytında yerləşdiriləcək.
Qeyd edək ki, daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. 2023-cü ildə sahibkarların müraciəti ilə 4 sahə üzrə daxili bazar araşdırması aparılıb və hesabatlar sahibkarlara təqdim edilib. İndiyədək isə sahibkarların müraciəti əsasında 25, KOBİA-nın təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. Agentliyin təşəbbüsü ilə aparılmış bazar araşdırmaları KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib və sahibkarların ümumi istifadəsi üçün açıqdır.
Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. Daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.
Powered by Froala Editor