Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət ediblər.
Bu ilin yanvar - mart aylarında KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib. Xidmətlərin 80 mindən çoxu “Bakı KOB evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.
KOB evlərində göstərilmiş xidmətlərin 91 minə yaxını dövlət qurumları (“G2B”), 9 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes krediti üçün müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxildir. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində ümumilikdə 52 dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Ölkənin digər iri şəhər və rayonlarında da KOB evlərinin yaradılması istiqamətində işlər davam etdirilir.
Powered by Froala Editor