Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər

2024-cü ilin I rübündə “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib. 

2024-cü ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 80349 xidmət göstərilib ki, onlardan 72537-i (90,28%) dövlət qurumlarının (“G2B”), 7812-i (9,72%) isə özəl qurumların (“B2B”) xidmətləridir.

Biznes subyektlərinə göstərilmiş xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib. “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə – 64133 (79,82%), İqtisadiyyat Nazirliyinin tabeliyində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə – 5778 (7,19%), Dövlət Vergi Xidmətinə – 1183 (1,47%), Fövqəladə Hallar Nazirliyinə – 297 (0,37%), Dövlət Gömrük Komitəsinə – 296 (0,37%) müraciət ediblər. Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bölüşür. 

Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər. 

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər göstərilir. 

Powered by Froala Editor

03.05.2024, 10:06 334
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo