Model Müəssisənin “Öyrən və dəyiş” təlim proqramını uğurla başa çatdıran sahibkarlıq subyektlərinə sertifikatlar verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsinin “Öyrən və dəyiş” təlim proqramının birinci mərhələsini başa çatdıran şirkətlərə sertifikatlar təqdim edilib.
Təlim proqramından işçi geyimlərin, tibbi vasitələrin, işıqlandırma və aydınlatma sistemlərinin, zəfəran və metalın istehsalı, mühəndislik fəaliyyəti ilə məşğul olan şirkətlər faydalanıb. Bu şirkətlərə istehsal prosesində istifadə edilən avadanlıqların məhsuldarlığının artırılması, vaxt itkisinin minimuma endirilməsi və əlavə xərclərin azaldılması istiqamətində təlimlər keçirilib. Təlimlər Türkiyədən dəvət olunmuş, model müəssisə sahəsində ixtisaslaşan mütəxəssislər tərəfindən tədris olunub. Həmçinin mütəxəssislər tərəfindən istehsal prosesində müəyyən edilmiş israfın qarşısının alınması məqsədilə müəssisələrdə monitorinq aparılıb və nəticələr şirkətlərə təqdim edilib.
Qeyd olunan təlimlər ödənişsiz olaraq, KOBİA tərəfindən təmin olunan dövlət dəstəyi hesabına keçirilib.
KOB Model Müəssisəsinin “Öyrən və dəyiş” təlim proqramının birinci mərhələsinin başa çatması ilə bağlı təşkil olunmuş tədbirdə KOBİA və Türkiyədən dəvət olunmuş təlimçilər tərəfindən KOB Model Müəssisəsinin iş prosesi, təlimlərin məqsədi və faydası barədə məlumat verilib. Proqramı uğurla başa vurmuş şirkət təmsilçiləri təqdimatlarla çıxış edərək model müəssisədə öyrəndikləri və istehsal prosesində tətbiq etdikləri metodların müəssisələrində məhsuldarlığın və səmərəliliyin artırılmasında faydalı olduğunu qeyd ediblər.
Powered by Froala Editor