Azərbaycan startapı sərhədləri aşır: “CLIMASEL” xarici investorların diqqət mərkəzində...

Azərbaycanlı iki gənc xanım ərsəyə gətirdikləri startap layihəsi ilə sözün əsl mənasında xarici investorların diqqətini çəkməyi bacarıblar. Belə ki, 7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Startap Yarışmasına qatılan startapçılarımızın ətraf mühitin qorunmasına həsr etdikləri layihə investorlara təqdim edilib. Startapın həmtəsisçisi və icraçı direktoru Xəyalə Miriyeva İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunan yarışda investorların kifayət qədər marağına səbəb olan “CLIMASEL” layihəsi barədə “vergiler.az”a danışıb.

İlk olaraq qeyd edək ki, Azərbaycanı Beynəlxalq Startap Yarışmasında təmsil edəcək startapın seçilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 2025-ci ilin fevral-mart aylarında yerli startaplar arasında milli tur keçirilib. Müsabiqəyə yaşıl texnologiya, kibertəhlükəsizlik, mobillik, virtual reallıq və sağlamlıq texnologiyası kimi müxtəlif mövzulara həsr olunan 44 layihə təqdim edilib. Münsiflər heyətinin qərarı ilə binalar üçün ağıllı panel istehsalı layihəsi olan “CLIMASEL” qlobal arenaya çıxmağa haqq qazanıb.

Karbon emissiyalarını sıfırlamaq hədəflənir

“CLIMASEL” startapı binalarda soyutma proseslərini daha səmərəli etmək üçün biotexnologiya əsaslı panellərin istehsalına yönəlmiş innovativ bir layihədir. Layihənin yaradılmasında əsas məqsəd təbii soyutma texnologiyalarından istifadə edərək enerji sərfiyyatını və karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq və ekologiyaya mənfi təsiri minimuma endirməkdir. İş prinsipinə gəlincə, texnologiya istiliyi udub saxlayır və soyuma zamanı bunu geri verərək enerji istifadəsini optimallaşdırır, nəticə etibarilə kondisionerlərə olan ehtiyac ciddi şəkildə azalmış olur. Texnologiyanın ən diqqətçəkici tərəfi isə elektrik enerjisinə ehtiyac duymadan işləməsidir. Üstəlik, istifadəsi olduqca asandır. X.Miriyevanın dediyinə görə, “CLIMASEL”i ərsəyə gətirməkdə başlıca məqsədləri ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən isə sərfəli həllər təqdim etməkdir. Bu layihə binaların enerji istehlakını azaldaraq daha dayanıqlı və münbit atmosferin yaradılmasına yönəlib.

Elektrik enerjisinə çəkilən xərc azalacaq

Layihə insanların həyatına bir sıra yeniliklər gətirəcək. Startapçı X.Miriyeva bildirir ki, bu texnologiyanı tətbiq etməklə elektrik enerjisinə tələbatı ciddi şəkildə azaltmaq mümkün olacaq və paralel olaraq xərci də azaldacaq və daha ucuz enerji istifadəsini əlçatan edəcək. Digər tərəfdən, kondisionerlərə ehtiyacın azalmasını da nəzərə alsaq, evlərdə və iş yerlərində daha sakit və sağlam bir atmosfer yaratmaq mümkün olacaq. Bu təbii soyutma texnologiyası daha az karbon emissiyası istehsal etdiyi üçün ətraf mühit baxımından çox əlverişlidir. Yəni nəticə etibarilə uzunmüddətli dövr üçün təmiz və sağlam həyat şəraiti yaratmağa imkan verir. Bir sözlə, “CLIMASEL” həm fərdi, həm də biznes mühitində effektiv enerji istifadəsini təşviq edəcək.

Maraq gözləntidən yüksək olub

Əbu-Dabidəki yarışda Azərbaycanı təmsil edən gənc startapçılarımız X.Miriyeva və layihənin marketinq direktoru Fatimə Nəsirova onlara verilən bu fürsət sayəsində beynəlxaq səviyyədə faydalı əlaqələr qurmaqla layihələrini daha geniş auditoriyaya tanıtmaq və beynəlxalq bazarda rəqabət qabiliyyətlərini artırmaq imkanı əldə ediblər.

“CLIMASEL”in təqdim etdiyi innovativ həllərə maraq hansı səviyyədə oldu” sualına gəlincə, layihəyə marağın gözləntiləri üstələdiyini vurğulayan gənclərimiz bir neçə investorla məhsuldar görüşlər keçirdiklərini, toplantılar zamanı əldə etdikləri müsbət rəylər və əməkdaşlıq təkliflərindən layihələrinin inkişafı üçün faydalanacaqlarını bildiriblər. Onlar müxtəlif ölkələri təmsil edən startaplarla tanış olmaq və fikir mübadiləsi aparmaq imkanı qazanıblar ki, bu da təcrübələrin paylaşılması və startapın gələcək inkişafı üçün yeni üfüqlər açır.

İstifadəçilər üçün enerjiyə böyük qənaət vəd edilir

Xarici ölkələrdən olan investorlar daha çox layihənin innovativliyini və ətraf mühitə müsbət təsirlərini bəyəniblər. Texnologiyanın sadə istifadəsi və sürətli tətbiqi də onların diqqətini çəkib. Layihənin maliyyə üstünlükləri də investorların diqqətindən yayınmayıb. “Panellərin quraşdırılması ilə istifadəçilər 5 il müddətində böyük enerji qənaəti əldə edə biləcəklər. Maliyyə və ekoloji təsir balansı da, sözsüz ki, investorların diqqətindən yayına bilməzdi. Hazırladığımız təbii soyutma texnologiyasının bazar potensialı və məhsulumuzun qlobal miqyasda tətbiq oluna biləcək imkanları ilə bağlı investorlar çoxlu sayda suallar ünvanladılar. Onların bəziləri ilə yerində danışsaq da, bir qismi ilə masa arxasında ətraflı müzakirələrin aparılması üçün razılaşdıq. Onu da deyim ki, biz bu cür əməkdaşlıq imkanlarını daim nəzərdən keçiririk və düşünürəm ki, layihəmizin inkişafı baxımından, bu, çox vacibdir”, - X.Miriyeva bildirib.

KOBİA-nın dəstəyinin və “Bizdən Biznesə” müsabiqəsinin layihənin böyüməsinə təsiri

BƏƏ-də baş tutan startap yarışmasından əvvəl də “CLIMASEL” diqqət mərkəzində olub. Belə ki, gənc startapçılar KOBİA-nın 5-ci qrant müsabiqəsində də fərqləniblər və bu layihənin inkişafı üçün 18.924 manat həcmində vəsait əldə ediblər. Məhz bu dəstək sayəsində layihə təkmilləşdirilib və başqa ölkələrə çıxış imkanı yaranıb. Gənc xanımlar Niderlandda “Startupbootcamp Amsterdam Accelerator” proqramına qatılaraq, Avropanın ən öndə gedən akselerator proqramlarından birində iştirak etməklə, 25 min avro məbləğində investisiya qazanıblar. “AccessBank” və KOBİA-nın birgə həyata keçirdiyi "Bizdən Biznesə" startap yarışmasının nəticəsi də gənc startapçıların üzünü güldürüb. Onlar birinci yerə layiq görülərək layihələrinin daha da inkişaf etdirilməsi üçün bu müsabiqədən 25 min manat əldə ediblər.

X.Miriyeva indiyə kimi qazandıqları maliyyə dəstəyi sayəsində startapı sağlam təməl üzərində formalaşdırmaqla onu dünyaya çıxarmağın mümkün olduğunu deyir. Bu dəstək onlara bizneslərinin ilkin mərhələsində qarşılaşdıqları problemlərin öhdəsindən gəlməyə imkan verib, üstəlik, qlobal bazara çıxmağa da öz müsbət təsirini göstərib.

Layihə son test mərhələsində...

“CLIMASEL” hazırda sonuncu pilot test mərhələsindən keçir. X.Miriyevanın sözlərinə görə, məhsullarının bazara təqdim edilməsi üçün ciddi hazırlıqlar gedir: “Layihəmizi böyüdərək ölkəmizin iqtisadiyyatına dəyərli töhfə vermək niyyətindəyik. "Bizdən Biznesə" startap yarışmasından qazandığımız maliyyə ilə lazımi materialların alınması və panellərin istehsalı kimi vacib məsələlərdə yaranan ehtiyaclarımızı qarşıladıq. Deyərdim ki, bu dəstək bazara çıxış tariximizi daha da yaxın etdi”.

Avropa və Mərkəzi Asiya bazarları hədəflər arasında

“CLIMASEL”in perspektiv planları arasında ölkəmizin bölgələrində bu layihənin uğurla həyata keçirilməsi ilk sırada qərarlaşıb. Amma layihənin qurucuları ölkəmizin sərhədlərini aşaraq Mərkəzi Asiya və Avropaya çıxmaq niyyətlərinin olduğunu da bildiriblər.

Gələcəkdə layihə daha da inkişaf etdiriləcək və müxtəlif iqlim şəraitində yüksək performans göstərməsi təmin olunacaq. İndiki mərhələdə isə 2 min kvadratmetr sahəsi olan binada soyutma prosesini təbii üsullarla daha səmərəli hala gətirmək planlaşdırılır. Bununla bərabər, yüksək tələbat olan sahələrə - ofislər, hotellər və data mərkəzlərinə yönəlmək də başlıca hədəflərdəndir.

“CLIMASEL” panellərinin qiymətinə gəlincə, X.Miriyeva bunu əlverişli etmək üzərində işlədiklərini deyir. Yəni bazarda layihənin özünü doğrultması üçün bütün əlverişli imkanlar nəzərdən keçirilir.

Dünyada ekoloji tarazlığın get-gedə pozulduğu və qlobal istiləşmənin bir sıra çətinliklər yaratdığı bir dövrdə layihə enerjiyə qənaət və karbon emissiyalarını azaltmaq üçün təsirli həllər təqdim edir. Problem qlobal olduğundan, təqdim olunan layihə təkcə Azərbaycanda deyil, dünyanın dörd bir yanında olan insanların diqqətini çəkir. Sözsüz ki, Azərbaycan startapının adından söz etdirməsi həm ölkəmizin bu sahədəki mövqeyini gücləndirir, həm də yeni investisiya imkanlarına qapı açır.


https://vergiler.az/news/article/34303.html

Powered by Froala Editor

16.04.2025
logo