Məsləhətçilər Daşkəsən fermerlərini yüksək məhsuldar arı ailəsi yetişdirmək üçün kompleks tədbirlər barədə təlimatlandırıblar.
“AzerGold” QSC-nin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda ikinci ildir ki, həyata keçirilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün praktiki məşğələlər təşkil edilib. 4 gün ərzində Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə təsərrüfat şəraitində fərdi aqrar məsləhət xidmətləri göstərilib.
Layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər fermerləri yüksək məhsuldar arı ailəsi yetişdirmək üçün kompleks tədbirlər barədə təlimatlandırıblar. Onlara damazlıq işinin düzgün təşkili, bal arısı cinslərinin və populyasiyalarının genofondunun qorunub saxlanılması, təkmilləşdirilməsi, həmçinin arı ailələrinə mütəmadi olaraq baytar-sanitar nəzarəti edilməsi, onlara sistemli klinik baxışın keçirilməsi, arıçılığa ziyan vuran xəstəliklərin müalicə və profilaktikası istiqamətində tövsiyələr verilib. Xəstəlik əlamətləri müşahidə edilən bəzi arıxanalardan analiz edilməsi üçün nümunələr götürülüb.
Layihə çərçivəsində istehsalat prosesinin effektiv icrasına nəzarət edən mütəxəssislər tərəfindən arıçılıq təsərrüfatlarında mütəmadi monitorinqlərin aparılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində təlimləri uğurla tamamlayan kənd sakinlərinə sertifikatlar, fərdi təsərrüfatların genişlənməsinə dəstək məqsədilə arı ailələri, o cümlədən avadanlıqlar təqdim ediləcək.
Qeyd edək ki, “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin məqsədi Daşkəsən rayonunda kiçik sahibkarlıq ekosisteminin inkişafına və təbii bal istehsalının artırılmasına, yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmağa töhfə verməkdir.
Powered by Froala Editor