Naxçıvan Muxtar Respublikasında KOB dostları fəaliyyətə başlayıb

Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda fəaliyyət göstərəcək KOB dostları Naxçıvan Muxtar Respublikasında biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.

Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda KOB dostları fəaliyyətə başlayıb. KOB dostları Naxçıvan Muxtar Respublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək. KOB dostu ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir. 

Naxçıvan Muxtar Respublikasında KOB dostlarının fəaliyyətə başlaması ilə əlaqədar aprelin 19-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasovun iştirakı ilə keçirilmiş görüşdə aidiyyəti qurumların nümayəndələri və müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib, KOB dostlarının mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 39 şəhər və rayonunda 46 KOB dostu fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının 4 şəhər və rayonunda da KOB dostları fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir. Naxçıvan sahibkarları KOB dostları ilə aktiv əməkdaşlığa dəvət edilib.

Orxan Məmmədov yaxın zamanda Naxçıvanda KOB İnkişaf Mərkəzinin də açılacağını qeyd edib. KOB İnkişaf Mərkəzi tərəfindən Naxçıvan sahibkarlarına ödənişsiz olaraq biznesin qurulması və inkişafı istiqamətində məsləhət, təlim, biznes planın hazırlanması və s. xidmətlər göstəriləcəkdir. 

Tədbir çərçivəsində KOBİA-nın dəstək və xidmətlərinə dair videoçarxlar nümayiş olunub, sahibkarların çətinlikləri və təklifləri dinlənilib.

 KOBİA-nın nümayəndələri həmçinin, “Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışında iştirak ediblər. 

Powered by Froala Editor

19.04.2023, 14:12 89
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo