Azərbaycanda “Axşam bazarı” biznesi başladı

Azərbaycanda endirimlə satışa əsaslanan yeni biznes başlayır. Bundan sonra mağaza və restoranlar satılmayan və ya satışında problem olan malları yeni sistem üzərindən daha ucuz sata biləcəklər. Bu yaxın günlərdə işə düşəcək “Axşam bazarı” ideyasına əsaslanan "SnackPack" layihəsi vasitəsilə baş tutacaq.


Layihəyə əsasən satışında problem olan və ya ola biləcək qida mallarını nisbətən aşağı qiymətə endirimlə satmaq mümkün olacaq. Bu daha çox restoran və şirniyyat mağazalarına maraqlı olacaq. Bunun üçün onlar yeni yaradılmış "SnackPack" tətbiqində qeydiyyatdan keçməlidirlər.


Qeyd edək ki, dünyada satışında probelem olan qidaların endirimlə satışı sistemi çoxdan fəaliyyət göstərir. Bunlardan ən məşhuru “Too Good To Go”dur. ABŞ, Avropa və digər ölkələrdə fəaliyyət göstərən layihə vasitəsilə qida məhsullarını endirimlə almaq olar. Restoran və mağazalar bu üsulla axşama yaxın satılmayan və satılmayacaq qidaları nisbətən ucuz qiymətə də olsa reallaşdıra bilirlər. Bu həm atıcılara, həm alıcılara, həm də təbiətə və iqtisadiyyata faydalıdır. Yəni enerji və zəhmət hesabına bişirilən və hazırlanan qidalar atılmır, öz sahibinə fayda gətirir.


“SnackPack” tətbiqi də eyni prinsiplə işləyəcək. Layihənin rəhbəri Ramil Tağıyev bildirir ki, bütün dünyada restoran və şirniyyat mağazalarında, eləcə də un məmulatları satılan obyektlərdə məhsulun orta hesabla 20%-i satılmayaraq atılır. Azərbaycanda təqribən eyni vəziyyətdir və biznes üçün bu məhsulları satmaqdansa, endirimlə də olsa, satmaq daha sərfəlidir.


“SnackPack” tətbiqindən faydalanmaq üçün restoranlar və qida satışı ilə məşğul olanlar tətbiqdə qeydiyyatdan keçməli, satışa çıxardıqları məhsulların əvvəlki və endirimli qiymətlərini göstərməlidirlər. Layihə “SnackPack” adlansa da, əslində burada günün istənilən vaxtında olan endirimlər elan ediləcək: “Xalq arasında hamımızın bildiyi "axşam bazarı" adlı yerli termin var. Yəni, əsasən, bu, axşam saatlarında ərzaq, un məmulatları, və s. endirimli qiymətlərlə alınması deməkdir. Biz isə sadəcə olaraq yaratdığımız mobil tətbiq vasitəsilə bu konsepsiyanı rəqəmsallaşdırırıq”.


Yaxın vaxtlarda fəaliyyətə başlayacaq yeni layihənin sahibləri hazırda tərəfdaşlarla danışıqlar aparırlar. Hələlik layihənin partnyorları arasında kafelər və şirniyyat mağazaları var. Gələcəkdə isə bura market şəbəkələri və otellər də qoşulacaqlar. “Axşam bazarı” ideyası yuxarıda xatırlanan xalq ifadəsindən yaranıb. Layihənin müəllifləri əvvəllər müxtəlif sahələrdə yeniliklər etmək üzərində işləyiblər. “Həmişə insanların daha sağlam və mütərəqqi olmasını və daha təsirli, təbiətin özü üçün mühüm bir şey etməyimizi istəmişik. Sonra araşdırmalara başladıq və qida tullantılarının statistikasına rast gəldik. Nə qədər təzə yeməklərin atılmasını gördük və yerli “axsam bazarı” anlayışından istifadə edib bu ciddi problemin həlli üçün mobil tətbiq yaratmağa qərar verdik”.

Daha sonra proses ənənəvi startaplardakı kimi davam edib: «Bazarı təhlil etmək, əsas problemlərini öyrənmək üçün kafe sahiblərinə müraciət etmək və müştəri hədəflərimizdən biri hesab etdiyimiz tələbələr arasında onlayn sorğu keçirmək kimi ilk addımlarımıza elə o vaxt başladıq. Sonra mobil proqram, veb sayt və Instagram-da səhifəmizi irəliləməklə işə başladıq və indi işimizi qurmaq üzrəyik”.


Bir qədər əvvəl isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "SnackPack"a “Startap” şəhadətnaməsi verib: “Onlar bizim potensialımıza və ideyamıza inandıqlarına görə bizi vergilərdən azad edən və diqqətimizi məhsulun inkişafına yönəltməyə imkan verən “Startap” şəhadətnaməsi təqdim etdilər”.


Hazırda layihənin işə düşməsi və genişlənməsi üçün buraya investorların cəlb edilməsi proses gedir: “Hazırda biz mələk investorla danışıqlar mərhələsindəyik. “Startup Wise Guys”un pre-akselerasiya proqramında iştirak etdik və bu fürsət üçün onlara çox minnətdarıq. Qeyd etmək lazımdır ki, “Startup Wise Guys” 2023-cü ildə ən yaxşı akselerator hesab edildi. Biz bir çox yeni startap konsepsiyaları öyrəndik, gözəl əlaqələr qurduq və xarici investorlardan maraq gördük. 


Ramil Tağıyevin sözlərinə görə, artıq müxtəlif hazırlıqlardan keçmiş və başlamaq ərəfəsində olan layihənin təqribən qiyməti 1,2 milyon dollardır: “Layihənin potensialı və gəlir imkanı şübhəsizdir, ona görə də bu mərhələdə onun təqribən 1,2 milyon dollar qiyməti var”. 


Layihə müəllifləri kənar investorlardan olan təkliflərə açıqdırlar, amma layihədən investorlara böyük pay verməyi düşünmürlər: “Hesablamadan da aydın olur ki, layihəmizin 1 faizi 12 min dollardır, biz bu qiymətlə investorlarla danışa bilərik, amma ən çoxu 5% pay verə bilərik, bundan daha çoxunu ayırmaq niyyətində deyilik.


Layihə müəllifləri bildirir ki, “SnackPack” layihəsi ilk növbədə təbii ki, planetimiz üçün faydalıdır: "Çünki getdikcə daha çox bişirmək əvəzinə artıq bişirilmiş yeməkləri satmaqla, boş yerə əlavə enerji və resurslar sərf etməyi dayandırırıq”.


Üstəlik bu yenilik Azərbaycanda başlayan «Yaşıl dünya naminə hərəkatı"na bir dəstəkdir: “Yeri gəlmişkən, 2024-cü il cənab Prezidentimiz tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və biz “SnackPack” olaraq bu təşəbbüsə öz töhfəmizi verəcəyik.


Digər faydalananlar isə biznes sahibkarlarıdır, çünki onlar öz xərclərini optimallaşdıra bilirlər, və insanların pullarını qənaət etməklə təbiətə kömək etmiş olurlar.


Layihə müəllifləri startapın ilk dövrlərində göstərilən dəstəyə görə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə və KOBİA-ya minnətdarlıq edirlər: “Həmçinin İRİA, “Pasha Holding” və KOBİA-ya sahibkarlıq mühiti və öz şirkətlərində işləmək və əlamətdar bir şeyə nail olmaq istəyənlər üçün təmin etdikləri yaxşı şəraitə görə təşəkkür etmək istərdik. Komandamız İRİA-nın yerli startap ekosistemini gücləndirmək üçün təşkil etdiyi müxtəlif layihələri və tədbirləri yüksək qiymətləndirir. Bu, əminik ki, tezliklə bütün xalqımıza öz bəhrəsini verəcək uzunmüddətli hərəkətlər silsiləsidir. Layihə müəllifləri KOBİA-ya xüsusilə minnətdardırlar: “KOBİA bizə çox kömək edən bir qurumdur, startapla bağlı hər hansı sualımız və ya problemimizlə bağlı onlara müraciət edə bildiyimiz üçün çox minnətdarıq. Mühasibat uçotu, Hüquq məsləhətləri, Biznes Planın yaradılması və hətta mələk investor üçün investisiya müqaviləsinin yazılması kimi müxtəlif məsələlərdə bizə tamamilə təmənnasız köməklik göstərirlər”.


https://fed.az/az/startaplar/azerbaycanda-axsam-bazari-biznesi-basladi-satilmayan-mallari-ucuz-satacaqlar-12-mi%CC%87lyon-dollarliq-i%CC%87s-quruldu-188145  

Powered by Froala Editor

12.01.2024, 08:30 360
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo