Azərbaycanda toyların təşkilinə innovativ yanaşan startap xarici bazara çıxmağı planlaşdırır

"Incode" MMC xalqımızın milli adət-ənənələrinə dəyər verən və müasir dövrün nəbzini tutan bir startapdır. Bu startap toyların təşkili üçün tətbiqlər hazırlayıb həyata keçirir.

Şirkətin fəaliyyəti barədə AZƏRTAC-a danışan startap rəhbəri Həsən Tağıyev bildirib ki, ailə qurmağa hazırlaşan cütlüklər şirkətin qurduğu sayt vasitəsilə nişan, xınayaxdı, xonça və toy mərasimlərini asanlıqla təşkil edə bilərlər.

Onun sözlərinə görə, startap bir il əvvəl təsis olunub və daim bazarın ehtiyaclarını nəzərdən keçirərək inkişaf edir.

“Apardığımız statistika onu göstərir ki, bizim tərəfdaşlar öz satışlarını artırıblar. Biz toy planlayan gənclər və toy biznesi ilə məşğul olan KOB-lar ilə müsahibələr və sorğular keçiririk, onların problemlərini həll etməyin yollarını tapırıq. Bir çox cütlüklər toy planlayan zaman, artıq açıqca dəvətnamə deyil, onun əvəzinə mesencerlər vasitəsilə hər tədbirdən qabaq (nişan, xınayaxdı, toy və s.) onlayn dəvətnamələr paylayır. Bunun üçün saytımıza daxil olub qonaqları bölməsi yaradıb, qonaqlarını dəvət edə bilərlər. Qonaqlar SMS vasitəsi ilə dəvətnamənin linkini alacaq və linkə keçid edərək tədbir haqqında ətraflı məlumat əldə edəcək, həmçinin, dəvətnaməyə cavab verə biləcəklər”, - deyə H.Tağıyev vurğulayıb.

Kiçik sahibkar toyda müşahidə olunan problemlərdən birinin də qonaqları müxtəlif masa arxasına əyləşdirməkdən ibarət olduğunu qeyd edərək, bu problemi aradan qaldırmaq üçün “ağıllı oturtma” planını təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, saytda tədbirin keçiriləcəyi məkanı (şadlıq sarayı və ya restoran) seçəndə dərhal həmin məkanın planı istifadəçiyə təqdim olunur: “İstifadəçi məkanın ölçüsü, stolların forması, maksimal yerləşə biləcək stol sayını görür. Daha sonra istifadəçi qonaqları stollara yerləşdirə biləcək və ehtiyac olduqda planı yükləyə və ya çap edə bilər. Bundan əlavə, biz cütlüklərə büdcə, vaxt qrafikinin planlaşdırılması, görülməsi lazım olan işlərin siyahısı və s. çoxlu alətlər təqdim edirik. Ən əsası isə adıçəkilən alətlərin hamısı istifadəçi üçün pulsuz olacaq. Hazırda bu funksiyalar bizim komanda tərəfindən test olunur və gələn ay ərzində bütün bunları istifadəçilərə təqdim etməyi planlayırıq”.

Şirkətin komandasının yaxın zamanda saytda xüsusi bölmə yaradaraq toy ilə bağlı məqalələr paylaşmağı da düşündüklərini sözlərinə əlavə edən Həsən Tağıyev hədəflərinin yaxın gələcəkdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya bazarlarına çıxmaq olduğunu qeyd edib.

“Bizə keçən ilin fevral ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsinin verilməsi isə gənc nəslin innovasiyalara marağını artırır və yeni şirkətlərin yaranmasına səbəb olur”, - deyə startap rəhbəri əlavə edib.

https://azertag.az/xeber/azerbaycanda_toylarin_teskiline_innovativ_yanasan_startap_xarici_bazara_chixmagi_planlasdirir-2907391

Powered by Froala Editor

08.02.2024, 05:30 96
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo