Startapçı: Qürurla qeyd edə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik üçün yerli həll mövcuddur

Dünyada kibertəhlükələrin sayı daima artmaqdadır. Şirkətlər üçün bu təhlükələr ciddi maliyyə və məxfi məlumatların itkilərinə səbəb ola bilir. Buna görə də kibertəhlükəsizlik şirkətlərin ən çox diqqət yetirməli olduğu sahələrdən biridir. Dünya bazarında kiberhücumlardan qorunmaq üçün saysız həllər mövcuddur. Ölkələr məlumat təhlükəsizliyinin qorunması üçün əsasən yerli məhsullardan istifadə etməyə üstünlük verirlər. Biz də öz növbəmizdə, bu sektorun artan ehtiyaclarını nəzərə alaraq, azərbaycanlı mütəxəssisləri tərəfindən Azərbaycan dilində portal hazırlamaq qərarına gəldik və bunun nəticəsi olaraq “Cybersign” şirkətini yaratdıq. Artıq qürurla qeyd edə bilərik ki, Azərbaycanda, yerli, kibertəhlükəsizlik üçün həll mövcuddur.

Bu barədə AZƏRTAC-a müsahibəsi zamanı azərbaycanlı startapçı, “Cybersign” MMC-nin icraçı direktoru Elvin Axundov deyib. “Cybersign” MMC-nin təqdim etdiyi platforma azərbaycanlı mütəxəssislər tərəfindən Azərbaycan dilində hazırlanıb. “Cybersign” şirkəti nüfuzetmə testi (Penetration testing), e-poçt təhlükəsiziliyi, infrastruktur təhlükəsizliyi və digər kibertəhlükəsizlik həllərini də təqdim edir. Bu yaxınlarda layihəyə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sahibkarlara vergi güzəştləri verən "Startap" şəhadətnaməsi almış “Cybersign” MMC-nin icraçı direktoru diqqətə çatdırıb ki, indiyədək Azərbaycanda bu cür portallardan istifadə edənlər xarici ölkələrin təqdim etdiyi alternativ platformalardan faydalananlar olublar.

- Startapın yaradılması ideyası necə yarandı və başlanğıc nöqtəsi nə oldu?

- Artıq dünyada kiberhücumların sayı durmadan artır, bunun qarşısını almaq üçün şirkətlər müəyyən addımlar atırlar. Lakin qeyd etmək istəyirik ki, baş verən məlumat itkilərinin 90 faizdən çoxu insan səhvi nəticəsində olur. Bu kiberhücumlardan qorunmaq üçün şirkətlərin kiber maarifləndirmə və sosial mühəndislik simulyasiyası portalından istifadəsi çox vacib bir faktordur. “Cybersign” komandası olaraq kibertəhlükələrdən qorunmaq üçün Azərbaycan dilində olan ilk yerli kiber maarifləndirmə təlimlərini və kiber simulyasiya portalını hazırladıq. İstifadəçilərimizə yüksəkkeyfiyyətli və interaktiv təlim təqdim etmək üçün ilk öncə sektorun maraqlarını, müştərilərin ehtiyaclarını və müxtəlif şirkətlərin tələblərini dəqiqləşdirməli olduq. Daima kibertəhlükəsizlik sahəsindəki ən son yenilikləri nəzərə alaraq portalı inkişaf etdiririk. Portal praktiki və nəzəri kiber maarifləndirmə təlimlərini təqdim edərək şirkətləri sosial mühəndislik hücumlarına qarşı qorumağa köməklik göstərir. Həmçinin portal yenilənmiş kibertəhlükələr haqqında məlumatlar, təlim kursları, interaktiv testlər və digər təlim resursları ilə təmin edilib. Şirkətlər kibertəhlükələri öyrənərək şübhəli fəaliyyətləri tanımaq və şirkətin kibertəhlükələrə qarşı müdafiəsini möhkəmləndirmək üçün bu portalı istifadə edə bilərlər.

- Startapın ərsəyə gəlməsində əsas dəstəkçiniz və istiqamət verən kim və ya nə oldu?

- Kibertəhlükəsizlik bütün ölkələr üçün çox vacib amildir. Kibertəhlükəsizlikdə ilk nəzərə alınan kibertəhülkəsizlik mədəniyyətidir ki, bu da hər bir ölkə və ya şirkət üçün fərqli olur. Bunun üçün də biz Azərbaycanda yerli kibertəhlükəsizlik həllinin olmasına qərar verərək kiber maarifləndirmə portalını qurduq. Platforma, əsasən, korporativ sektor üçün nəzərdə tutulub. Şirkətlər öz daxili təlimlərini də portala əlavə edə bilərlər. “Cybersign” şirkəti olaraq kibertəhlükəsizlik formatında çıxış edirik. Qeyd edim ki, kibertəhlükəsizlik, maarifləndirmə haqqında bütün mövzular üzrə videotəlimlər keçirilir və təlimlərdən sonra işçilərin yoxlanılması, sertifikatlaşdırılması aparılır. Məlumdur ki, kiberdələduzlar tərəfindən sosial mühəndislik hücumları müxtəlif formada həyata keçirilərək şəxslərin məxfi məlumatları əldə edilir. Buna misal olaraq e-poçt vasitəsilə edilin fişinq hücumlarını, telefon zəngi vasitəsilə edilən vişinq hücumlarını göstərmək olar. Şəxsləri bu hücumlardan qorumaq üçün portal onları praktiki olaraq test edir və baş verə biləcək kiberhücumlara qarşı hazırlayır. Portalı istifadə edən şirkətlər təlimləri bitirdikdən sonra əməkdaşların və şirkətin kibertəhlükəsizlik indeksini ölçərək (onlara reala bənzər fişinqlər göndərərək) baş verə biləcək sosial mühəndislik kiberhücumlarından qoruna bilərlər.

- Startapın fəaliyyətinin əsas məqsədi və gələcək planları barədə nə deyə bilərsiz?

- Fəaliyyətimizin əsas məqsədi, Azərbaycan kiber ekosistemində, şirkətlərin kiberhücumlardan qorunması üçün təlimlərin təmin edilməsi və kibertəhlükəsizlik həllərinin təklif edilməsidir. Bizim hədəfimiz şirkətlərin kibertəhlükəsizlik mövzusunda daha çox məlumatlanmasını, öz sistemlərini müdafiə etmələrini və kibertəhlükəsizliyini artırmağı təmin etməkdir. Yaxın müddətdə bu platformanın dünya ölkələrinə təqdim edilməsi və beynəlxalq platformaya çevrilməsi nəzərdə tutulur. Artıq platforma Azərbaycan, ingilis, rus dillərində hazırlanıb, qısa zaman ərzində isə onun ərəb və ispan dillərində hazırlanması nəzərdə tutulur. Platformada şirkətlərin “pentesting” olunması, yəni ola biləcək hücumlara qarşı boşluqların aradan qaldırılması planlaşdırılır. Dünya ölkələrinin bir çoxunda bu platformadan var. Bəzi platformalarda LMS var, amma fişinq simulyasiyası yoxdur, amma bizim platformada bunların hər ikisi var. Kibertəhlükəsizlik sahəsində ən “zəif yer” insan amilidir. Bizim platformanın xarici platformadakılardan əsas fərqi bizdə daha geniş təlimlərin olmasıdır.

- Bu startap Azərbaycan ekosisteminə nə verəcək?

- Kibertəhlükəsizlik dövlət əhəmiyyətli bir məsələdir. Azərbaycanın Prezidenti İlham Əliyevin ötən ilin avqustunda təsdiq etdiyi “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” bizim işimizə daha bir təkan verdi. Ölkəmizdə bu istiqamətdə görülən işlər intensivləşdi. Biz də bu sahədə işlərimizi genişləndiririk. Düşünürəm ki, bu startapın Azərbaycan ekosisteminə bir çox faydası olacaq. İlk növbədə bizim startap Azərbaycanda yerli kibertəhlükəsizlik məhsulu olaraq ölkəmizə yönələn sosial mühəndislik kiberhücumlarından qorunmağa töhfə verəcək. Həmçinin şirkət əməkdaşlarını kiberhücum növlərinə qarşı maarifləndirərək, ola biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol alacaq. Azərbaycan dilində təqdim olunan təlimlərimiz, ölkə vətəndaşlarımızın həmin təlimləri daha yaxşı, başa düşülən dildə öyrənməsini təmin edəcək. Bu da öz növbəsində ümumi faydaya xidmət edir. Portalımızın təkmilləşdirilməsi ilə əlavə yeni iş imkanları yaradaraq yerli mütəxəssislərin işə cəlb olunması, ölkə iqtisadiyyatının da inkişafına dəstək olacaq. Bilirik ki, kibertəhlükəsizlik sahəsində ən “zəif nöqtə” insan amilidir. Kibertəhlükəsizlik maarifləndirmə təlimləri hər ölkənin öz mədəniyyətinə uyğun hazırlanmalıdır. Portalımızın xarici portallardan əsas fərqi odur ki, biz nəzəri və praktiki təlimləri Azərbaycan dilində və Azərbaycan mədəniyyətinə uyğun hazırlayırıq. Portalımız müasir dövrün tələblərinə uyğun olaraq hazırlanıb və daimi olaraq yenilənir.

https://azertag.az/xeber/startapchi_qururla_qeyd_ede_bilerik_ki_azerbaycanda_kibertehlukesizlik_uchun_yerli_hell_movcuddur___musahibe-2931003

Powered by Froala Editor

23.02.2024, 06:21 97
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo