Sahibkarların KOB klaster üçün nəzərdə tutulan güzəştlər barədə məlumatlandırılması üçün onlayn görüş təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB klasterləşmə ilə bağlı sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə görüş keçirilib.
40-dan çox sahibkarın iştirak etdiyi onlayn görüşə müvafiq dövlət qurumlarının nümayəndələri də qatılıb.
Görüşdə KOB klaster anlayışı, klasterləşmənin üstünlükləri, Vergi Məcəlləsində KOB klaster üçün nəzərdə tutulan vergi güzəştləri, KOB klaster şirkəti, KOB klaster şəhadətnaməsinin əldə edilməsi qaydaları barədə məlumat verilib, klasterləşmə sahəsində KOB-lar arasında əməkdaşlıq, müxtəlif sektorlarda, xüsusilə ölkəmiz üçün ənənəvi və prioritet olan kənd təsərrüfatı, nəqliyyat, tikinti, turizm və s. sahələrdə klaster şirkətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlar KOB klaster yaratmaqla bir sıra vergi güzəştləri əldə edə bilərlər. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur. KOB klaster üçün nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkətinin şəhadətnaməsini almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs KOBİA-ya yazılı və ya elektron qaydada müraciət etməlidir.
Powered by Froala Editor