Tədbirdə KOBİA tərəfindən iş adamları arasında əməkdaşlıq, Azərbaycanda biznes qurmaq istəyən Rusiya iş adamlarına dəstək və KOB-larla iş sahəsində təcrübə mübadiləsi barədə fikir və təkliflər səsləndiriib.
Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya-İslam dünyası: Kazan Forumu 2024” çərçivəsində təşkil olunan "Rusiya-Azərbaycan" dəyirmi masasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri də iştirak ediblər.
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin iş adamları arasında əməkdaşlıq, Azərbaycanda biznes qurmaq istəyən Rusiya iş adamlarına dəstək və KOB-larla iş sahəsində təcrübə mübadiləsi imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, təcrübə mübadiləsi hər iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün əhəmiyyətlidir. KOBİA Azərbaycanın 50-yə yaxın rayon və şəhərində fəaliyyət göstərən KOB dostu şəbəkəsi vasitəsilə rusiyalı sahibkarlara yerli biznes tərəfdaşlarının tapılmasında dəstək göstərə bilər. Rəqəmsal marketinq sahəsində iş adamlarının bacarıqlarının artırılmasına yönəlmiş birgə təhsil proqramlarının, treninq və seminarların təşkili, məsləhət xidmətinin göstərilməsi məhsulların qarşılıqlı təşviqinə öz töhfəsini verə bilər. Rusiya iş adamlarını işğaldan azad edilmiş ərazilərin investisiya potensialını, bölgədə prioritet olan “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarını nəzərə almaqla bu sahədə layihələrin icrasında fəal olmağa dəvət edirik.
KOBİA nümayəndələri “Rusiya – İslam dünyası: Kazan Forumu 2024” çərçivəsində təşkil olunan "Russia Halal Expo" Sərgisində Azərbaycan stendini də ziyarət ediblər. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə stenddə sahibkarlar tərəfindən ölkəmizdə istehsal olunan tekstil, çay, fındıq, qənnadı məmulatları, ədviyyatlar, ət və ət məhsulları nümayiş olunur. Sərgidə həmçinin AZPROMO, KOBİA və Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın iqtisadi imkanları, o cümlədən investisiya və ixrac perspektivləri, turizm sahəsinin potensialı, eləcə də investorlara təklif olunan imtiyazlar barədə məlumat verilir.
Səfər çərçivəsində KOBİA nümayəndələri Moskvanın Ticarət və Sənaye Palatasının prezidenti Vladimir Platonov ilə görüşüb. Görüşdə işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər və birgə təşəbbüslər müzakirə edilib.
Powered by Froala Editor