Azərbaycan və Vyetnam iş adamları arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokolları kənd təsərrüfatı, qida və kosmetik məhsulların idxal və ixracını, birgə istehsalını nəzərdə tutur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri və bir qrup iş adamı KOB-lar arasında əməkdaşlıq imkanlarının araşdırılması və əlaqəli təşkilatlarla institusional əməkdaşlığın qurulması məqsədilə Vyetnamın paytaxtı Hanoy şəhərində səfərdə olublar. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Vyetnamın biznesə dəstək göstərən müxtəlif qurumlarında görüşlər keçirilib, sənədlər imzalanıb.
KOBİA nümayəndələri ilə Beynəlxalq Biznes Əlaqələri Klubunun prezidenti Le Trunq Kien, Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) prezidenti Dinh Viet Ho, Vyetnamın Ticarətin Təşviqi Agentliyi, Sahibkarlığın İnkişafı Agentliyi, Texnoloji Sahibkarlıq və Kommersiyalaşdırmanın İnkişafı üzrə Milli Agentliyi ilə görüşlərdə Azərbaycanda KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, sahibkarlıq sahəsində təcrübə, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması, ticarət əlaqələrinin inkişafı və mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində KOBİA və Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında əməkdaşlığa dair sənəd imzalanıb. Sənəddə hər iki ölkənin işgüzar dairələri arasında birgə əməkdaşlığın inkişafına və əlaqələrin təşviqinə dair müxtəlif tədbirlər nəzərdə tutulur.
KOBİA nümayəndələri və iş adamlarımız səfər zamanı Hanoyda Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN) təşkilatçılığı ilə keçirilən Qlobal Biznes və İnvestisiya Forumunda iştirak ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında Azərbaycanda sahibkarlıq imkanları, biznesə dəstək alətləri, o cümlədən Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Vyetnamla qida, turizm kimi sektorlarda əməkdaşlıq imkanları genişdir. Ticarət əlaqələrinin müsbət dinamikası bu sahədə də əlaqələrin genişləndirilməsi potensialından xəbər verir. KOBİA kiçik və orta sahibkarlığa dəstək infrastrukturu və digər dəstək mexanizmlərinə dair təcrübəsini Vyetnamla bölüşməyə hazırdır.
Forum çərçivəsində KOBİA və VINEN arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə KOB-lar arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, KOB-larla iş və onlara göstərilən dəstəklər üzrə məlumat və təcrübə mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, KOB-lar və əlaqədar qurumlar üçün təlim və təhsil proqramlarının təşkilinin dəstəklənməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, forumda Azərbaycan və Vyetnam iş adamları arasında kənd təsərrüfatı, ət, qənnadı məmulatları və s. qida, kosmetik məhsulların idxal və ixracına, birgə istehsalına dair əməkdaşlıq haqqında niyyət protokolları imzalanıb.
Powered by Froala Editor