Astarada əkinçiliklə məşğul olan sahibkarların çətinlikləri müzakirə edilib

Astarada dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş görüşdə biznes subyektlərinin və fermerlərin çətinlikləri və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində Astara rayonunda əkinçiliklə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib. 

Astara Dövlət Aqrar və İnkişaf Mərkəzində təşkil olunmuş görüşdə Astara Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin regional bölmələrinin, “Aqrar sığorta müştərək sığorta şirkəti” ASC-nin nümayəndələri, eləcə də 25-ə yaxın fermer və sahibkarlıq subyekti iştirak ediblər. 

Görüşdə aidiyyəti dövlət qurumlarının təmsilçiləri iştirakçıları sahibkarlıq sahəsində həyata keçirilən layihələr, mövcud dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıb. 

Fermerlərin fəaliyyətinin təşkili, əkin subsidiyalarının alınması və güzəştli kreditlərin əldə edilməsi ilə bağlı çətinliklər və onların aradan qaldırılması üçün təkliflər, təbii fəlakətlər nəticəsində təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər və digər məsələlər müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Powered by Froala Editor

24.05.2023, 12:27 118
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo