İnsan Resursları Zirvəsində biznesin inkişafında insan kapitalının rolu, bu sahədə KOBİA-nın fəaliyyəti barədə də məlumat verilib.
“Gülüstan” sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə İnsan Resursları Zirvəsi keçirilir. İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi tədbir “Gələcəyə qayıdış” devizi ilə keçirilir. Tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.
Tədbir çərçivəsində təşkil olunan “Köçü qarşıla: Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi” mövzusunda panel müzakirədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznesin inkişafında insan kapitalının rolu, bu sahədə Agentliyin fəaliyyyəti, eləcə də KOBİA-nın kadr siyasəti barədə fikirlərini bölüşüb.
Qeyd edilib ki, biznesdə yeni sahələrin yaranması və mövcud sektorların inkişafı insan resurslarının inkişafını və bu sahədə yeniliklərin tətbiqini aktuallaşdırır. Mikro, kiçik və orta bizneslərin gələcək inkişafı və insan resursları strategiyasının düzgün qurulması məqsədilə kadr potensialından səmərəli istifadə prioritet məsələlərdəndir. Şirkətlər maddi rifahlarına uyğun olaraq işçilərinin motivasiya, bilik və bacarıqlarının artırılmasına yönəlmiş strategiyanın qurulmasına önəm verdikləri halda müvəffəqiyyəti artırmağa nail ola bilərlər. KOB-ların inkişafında insan kapitalı əhəmiyyətli rol oynadığından bu sahədə qlobal trendlər diqqətdə saxlanılmalıdır. Bunları nəzərə alaraq KOBİA da sahibkarlara dəstək göstərən qurum kimi insan resurslarının inkişafına böyük önəm verir. Biznesin qurulması və inkişafı, eləcə də ömürboyu öyrənmənin təmin edilməsi üçün KOBİA tərəfindən müasir çağırışlara uyğun təlimlər, praktik məsləhət xidmətləri göstərilir. Agentlik sahibkarlara daha yaxşı xidmət göstərilməsi məqsədilə əməkdaşların yerli və xarici təlimlərə cəlb edilməsini də diqqətdə saxlayır.
İnsan Resursları Zirvəsi iyunun 22-dək davam edəcəkdir.
Powered by Froala Editor