Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri KOBİA-nın təcrübəsi ilə tanış olublar

Qazaxıstan nümayəndə heyəti üçün ölkəmizdə KOB mühitinə, KOB-lara göstərilən dəstək və xidmətlərə dair təqdimatlar təşkil olunub.

Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olublar. 

Səfər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və fond arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində baş tutub. İki gün davam edən səfər zamanı Qazaxıstan nümayəndə heyəti üçün KOB sahəsində qanunvericilik, bu sahədə dəstək və xidmətlər, o cümlədən KOBİA-nın fəaliyyəti, KOB dostu və KOB evi mexanizmləri, yeni KOB subyektlərinin yaradılması və inkişafı məqsədilə həyata keçirilən layihələr barədə təqdimatlar keçirilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb. 

Qonaqlar həmçinin, “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, 2024-cü ilin mart ayında KOBİA və Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə iki ölkə arasında KOB sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən məlumat və təcrübə mübadiləsi, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin yaradılması və təşviqi, müxtəlif tədbirlərin təşkili və s. nəzərdə tutulur. Memorandumla birgə həmçinin, kiçik və orta biznesə dəstək tədbirlərinin keçirilməsi üzrə Yol Xəritəsi də təsdiq edilib. Müvafiq memorandumdan irəli gələrək KOB-lara dəstək və xidmət sahəsində təcrübənin öyrənilməsi məqsədilə KOBİA-nın bir qrup əməkdaşının Qazaxıstana səfəri nəzərdə tutulur. 

Powered by Froala Editor

03.04.2024, 07:58 117
KOBİA elektron portalının pilot versiyasından istifadə edirsiniz. Sistemdən istifadə zamanı çətinliklərlə üzləşdiyiniz təqdirdə məlumat verməyiniz xahiş olunur. logo