KOBİA və SCODA arasında imzalanmış sənəd hər iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üçün birgə tədbirləri nəzərdə tutur.
Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Şanxay şəhərində keçirilən 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SCODA İnzibati Komitəsinin direktor müavini Hao Quosin imzalayıblar.
Sənəd hər iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üzrə birgə tədbirləri, o cümlədən KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə, keçirilən sərgi və digər tədbirlər, iqtisadi və ticarət fəaliyyətləri, əməkdaşlıq imkanları barədə informasiya mübadiləsi, qarşılıqlı olaraq yerli tərəfdaşların tövsiyə edilməsi kimi tədbirləri nəzərdə tutur.
Powered by Froala Editor