Nümayəndə heyətinə KOB evi konsepsiyası, bu mərkəzlərdə sahibkarlara göstərilən xidmətlər barədə məlumat verilib.
Ölkəmizdə səfərdə olan Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi heyət “Bakı KOB evi”ndə olub. Nümayəndə heyəti KOB evində sahibkarlara vahid məkanda xidmətlərin təşkili üçün yaradılmış şəraitlə tanış olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “Bakı KOB evi”nin nümayəndələri Tatarıstan nümayəndə heyətinə KOB evi konsepsiyası, KOB evlərinin biznesin işini asanlaşdırması, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat veriblər. Qeyd edilib ki, biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə KOBİA-nın strukturunda KOB evləri yaradılıb. KOB evlərinin məqsədi sahibkarlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Bu sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir. Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlər, vergi, gömrük məsələləri, kommunal xidmətlərə qoşulmaq, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edirlər.
Tatarıstan nümayəndə heyəti KOB evi modelinin onlarda müsbət təəssürat yaratdığını və sahibkarlara G2B və B2B xidmətlərin göstərilməsi sahəsində yeniliklərdən olduğunu, biznesə göstərilən xidmətlərin vahid məkanda təşkili üzrə Azərbaycanın bu təcrübəsinin nümunə olduğunu bildiriblər.
Powered by Froala Editor