Qırğızıstan-Azərbaycan biznes forumunda hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə məlumat verilib.
Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumu təşkil olunub.
Rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilən biznes forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinə də töhfə verir. KOBİA da öz növbəsində hər iki ölkənin biznes dairələri arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın inkişaf dinamikasına müsbət təsir edəcək birgə layihələrin həyata keçirilməsinə dəstəyini göstərəcəkdir. Agentliyin ölkəmizdə biznesin qurulması sahəsində xarici ölkələrin iş adamlarına dəstəyə dair müsbət əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən KOBİA sədri Qırğızıstan investorlarını işğaldan azad edilmiş ərazilərdəki biznes və investisiya imkanlarından istifadə etməyə dəvət edib.
Biznes forum iştirakçıları həmçinin, tədbir çərçivəsində Qırğızıstan istehsalı olan məhsullardan ibarət sərgi ilə tanış olublar.
Powered by Froala Editor